Türkmənistan qazının Azərbaycan üzərindən nəql olunaraq Türkiyəyə çatdırılması məsələsi yenidən gündəmə gəlib. Bu günlərdə Türkiyə vitse-prezidenti Fuat Oktay Türkiyənin Aşqabaddakı səfirliyinin iqamətgahında deyib ki, türkmən təbii qazının Türkiyəyə çatdırılması üçün 3 variant üzərində iş aparılır və bu istiqamətdə hazırlıq işləri yekunlaşmaq üzrədir.
Türkmənistan təbii qazının Türkiyəyə gətirilməsi üçün bir neçə alternativin olduğunu deyən Oktay bildirib: "Biz 3 alternativ üzərində işləyirik: “Xəzərdən keçən TANAP xəttinin istifadəsi, SWAP müqaviləsi və ya boru kəməri, dəniz yolu ilə boru kəmərinə qədər. Məmnuniyyətlə demək istəyirəm ki, biz işləri tamamlanmağa çox yaxınıq".
Qeyd edək ki, Türkiyə vitse-prezidentinin bu bəyanatı ABŞ mətbuatının da diqqətini çəkib. Bununla bağlı ABŞ-ın “Eurasianet” saytında dərc edilən məqalədə bildirilib ki, Avropa Rusiya təbii qazına alternativ mənbə axtardığı dövrdə, Türkiyə Azərbaycan vasitəsilə Türkmənistan “mavi yanacağı”nın ölkəyə nəqli ilə bağlı imkanlarının öyrənildiyini bəyan edib. Məqalədə qeyd olunub ki, bu məqsədlə hazırda yalnız Azərbaycan təbii qazının nəql edildiyi TANAP kəmərindən istifadə edilməsi nəzərdə tutulub. Bildirilib ki, qoca qitədə enerji böhranı başlayandan bəri azərbaycanlı rəsmilər Avropanın Azərbaycandan təbii qaz ixracının artırılması ilə bağlı çağırışlarını açıq şəkildə dəstəkləyib.
Bəs, görəsən, türkmən qazının Türkiyə tərəfindən alınaraq Azərbaycan üzərindən daşınması indiki şəraitdə həm qiymət, həm də tranzit baxımından nə dərəcədə real və effektlidir? Bu məsələdəAzərbaycanın qazancı nə ola bilər?
Qeyd edək ki, hələ 1997-ci ildə Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanıb. Bu proses Transxəzər qaz kəməri vasitəsilə reallaşmalı idi. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürür. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu. 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi.
O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Real olaraq Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi.
Mövzu ilə bağlı hafta.az la fikirlərini bölüşən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, indiki şəraitdə Türkiyə ilə Türrkmənistan arasında iri həcmli qaz alğı-satqısının baş tutacağı inandırıcı görünmür:
“Çünki Türkmənistandan qazın istər İran üzərindən, istər Transxəzər kəməri vasitəsilə Türkiyəyə çatdırılması müşkül məsələdir. Tranzxəzər boru kəmərinin effektli işləməsi üçün minimal 10 milyard kubmetr qaz lazımdır. Tutaq ki, 10 milyard kubmetr türkmən qazını Xəzərin bu sahilinə çatdırdılar. Bəs, Səngəçaldan onu Türkiyəyə necə çatdıracaqlar? İş burasındadır ki, Cənub Qaz Dəhlizinin Türkiyə-Avropa sərhədinə qədər gücünü 31 milyard kubmetrə qədər artırmaq olar. Hazırda bu Dəhlizin buraxılış gücü 16 milyard kubmetrdir. 10 milyard Türkmənistan tərəfdən təbii qaz gələndən sonra Dəhlizdə cəmi 5-6 milyard kubmetrlik yer qalır. Bu zaman sual yaranır ki, bəs Azərbaycan öz qazını necə ötürəcək? Azərbaycan “Abşeron 2” layihəsi üzrə təqribən 8-10 milyard kubmetr qaz hazil etməyi planlaşdırıb. Bu qaz da Avropaya gedəcək. Yəni, deməyim odur ki, maksimum 5 milyard kubmetr türkmən qazı göndərilə bilər. İkinci bir məsələ var, Türkmənistan hamıya bəllidir ki, ixrac qazının reallaşması üçün 1dollar belə özü investisiya qoymur. Transxəzər-i tikməyə, həmin boru kəmərinin burdan Türkiyə və ya Avropaya qədər genişləndirilməsinə pulu kim qoyacaq. Biz pulu verəcəyik ki, Türkiyə üçün də türkmən qazı gəlsin? Boru kəməri belədir ki, hansı bazara gedirsə, orada mal çoxadığından endirim kampaniyası başlayır. Bu Azərbaycanda qazı hasil edən şirkətlərin marağındadırmı? Yəni, mən burada hansısa kommersiya cəlbediciliyi görmürəm. Digər tərəfdən, Türkiyə tərəfində də o vəsaiti görmürəm ki, məsələn, “Botaş” şirkəti yaxud Türkiyə höküməti qazın bura gətirilməsinə və borunun genişləndirilməsinə 5 milyard dollar vəsait xərcləsin. Yəni, bu variant reallıqdan uzaq məsələdir. İkinci variant, SWAP-a baxaq. Azərbaycanda nədənsə, hamı SWAP-i o cür başa düşür ki, Türkmənistan qazı gəlir İrana, sonra İrandan Azərbaycana və Azərbaycandan da Türkiyəyə gedir. Belə bir sual ortaya çıxır ki, Azərbaycanla İran arasında qazın svop-na infrastruktur nə dərəcədə imkan verir? Yəni, Astara-Hacıqabul boru kəmərinin ötürücülük qabiliyyəti 1 milyard kubmetrdir. Modernizasiya işləri aparmaqla maksimum 1,5 milyard kubmetrə qədər ötürücülük gücü əldə etmək olar. Bu mümkündür. Amma yenə də sual yaranır, Türkiyəyə vacibdirmi türkmən qazı gəlsin İrana oradan Azərbaycana, Azərbaycandan Gürcüstana və oradan da Türkiyəyə daxil olsun? Elə qaz Türkmənistandan İrana ordan Təbriz-Ərzurum boru kəmərinə ötürülər. Bu kəmərinin buraxıcılıq gücü 14 milyard kubmetrdir və bir neçə ildir ki, 9-10 milyard kubmetr civarında istifadə olunur. Bu kəmərə daha çox qaz vurmaq olar. Ola bilər ki, hansısa siyasi məqsədlərlə lap 2 milyard kubmetr qaz Azərbaycan üzərindən Türkiyəyə çatdırılsın. Bu baha başa gələcək. Təbii ki, siyasətçi və ya texnikadan uzaq adamlar üçün bunun əhəmiyyəti yoxdur. Elə bilirlər ki, burada düyməni basanda Avropada işıq yanacaq. Amma reallıq daha mürəkkəbdir”.